BAKI, 27 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Alyaskada keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan konsepsiya əsasında Ukraynada nizamlamaya hazır olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya Prezidenti Putin Alyaskada bildirdi ki, ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsinin Moskvaya gətirdiyi və Ankoricdə müzakirəsi davam etdirilən konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlığa hazırdır”, - o qeyd edib.

Lavrov vurğulayıb ki, Rusiya prezidenti ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gətirdiyi konsepsiyanın hər bir elementini ətraflı şəkildə təhlil edib:

“Bundan sonra prezident bəyan elədi ki, Moskva həmin konsepsiyanı qəbul etməyə və təklif olunan əsasda praktiki addımlar atmağa hazırdır”.

Nazir əlavə edib ki, bu təklifə dərhal birbaşa cavab verilməyib: “Tərəflər təklifləri düşünmək üçün fasilə götürməyə razılaşıblar”.