BAKI, 21 oktyabr. TELEQRAF

Türkmənistan Təhsil Nazirliyinin və aparıcı universitet və kolleclərin nümayəndələri oktyabrın 18-dən 28-dək ABŞ-da işgüzar səfərdədirlər.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi anlaşma memorandumlarının imzalanması, tələbələr və professor-müəllim heyəti üçün akademik mübadilənin inkişaf etdirilməsi, təhsil, elm və texnologiya sahələrində birgə layihələrin müzakirəsidir.

Danışıqların mövzuları ingilis dili və pedaqogikadan tutmuş ekologiya, səhiyyə, iqtisadiyyat, mühəndislik və İT sahələrinə qədər geniş sahələri əhatə edir.

Qeyd edilib ki, Türkmənistan və ABŞ-ın təhsil müəssisələri arasında əməkdaşlıq sürətlə inkişaf edir. 2023-cü ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş hər iki ölkənin universitetləri və tədqiqat mərkəzləri üçün yeni imkanlar açıb.