BAKI, 17 oktyabr. TELEQRAF
Yeni Zelandiya İrana qarşı sanksiyaları bərpa etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters bəyanat verib.
Yeni Zelandiya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə qeyd edilir ki, sanksiyaların bərpası beynəlxalq ictimaiyyətin İranın uranın zənginləşdirilməsi üzrə öhdəliklərinə əməl etməməsindən dərin narahatlığını əks etdirir.
“Yeni Zelandiya ardıcıl olaraq nüvə silahlarının yayılmasının aradan qaldırılması üçün diplomatik səyləri dəstəkləyib və İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqları və əməkdaşlığı bərpa etməyə çağırırıq”, - Peters bildirib.
Nazir maliyyə məhdudiyyətləri və Yeni Zelandiyaya giriş qadağası da daxil olmaqla sanksiyaların oktyabrın 18-dən qüvvəyə minəcəyini açıqlayıb: “Bura aktivlərin dondurulması və sanksiyaya məruz qalan şəxslərin ölkəyə girişinə qadağalar, habelə bəzi nüvə və hərbi malların idxal-ixracına qadağalar daxildir”.