BAKI, 16 oktyabr. TELEQRAF

Türkmənistanın Milli Səhra İnstitutu və Xəzər Qoruğunun alimləri Xəzər dənizi sahili və Kara-Boqaz-Qol körfəzində yeni ekspedisiya keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın İnformasiya və İnnovasiya Mərkəzi məlumat yayıb.

Türkmən alimlər ekspedisiya zamanı son vaxtlar suyun quruması nəticəsində yaranmış torpaq sahələrində ilkin bitki populyasiyasını araşdırıblar. Xüsusi diqqət dayaz Kara-Boqaz-Qol körfəzinə yönəlib, qeyd edilib ki, burada yeni torpaq sahələri sürətlə formalaşır.

Tədqiqatçılar bildiriblər ki, hidromorf zonada duza davamlı birillik bitkilərin fəal şəkildə yayılması müşahidə olunur. Bu bitkilər əvvəl dəniz dibi olan ərazilərdə yeni “quru ekosistemlər” yaradırlar.

Alimlərin fikrincə, bu proses təbiətin landşaftı sürətlə bərpa etmək və boş əraziləri doldurmaq qabiliyyətinin yüksək olduğunu göstərir.

Toplanmış məlumatlar gələn ilin may ayında Bakıda (Azərbaycan) keçiriləcək Xəzər dənizi problemlərinə həsr olunmuş beynəlxalq konfransın əsasını təşkil edəcək.