BAKI, 15 oktyabr. TELEQRAF

“Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlik hökm sürür, döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

ABŞ Prezidenti Donald Tramp yenə özünü qabağa verəcəkmi?

Elxan Şahinoğlu bildirib ki, Pakistan Baş naziri Şahbaz Şərifin ABŞ Prezidenti ilə dostluq münasibətləri var:

“Buna baxmayaraq, hər hansı münaqişədə vasitəçi olmaq üçün hər iki tərəfin razılığı olmalıdır. Taliban rejiminin Vaşinqtonun vasitəçiliyinə razılaşacağı çətindir. Vasitəçiliyə iddia edən ölkələrdən biri Çin ola bilər. Pekin İslamabadla strateji tərəfdaşdır. Pekinin Taliban rejimi ilə də sıx əlaqələri var. Pekinə Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşdırılması həm də ona görə vacibdir ki, Çinin hər iki ölkədə iqtisadi maraqları mövcuddur.

Qətər də tərəfləri masa arxasında oturmağa dəvət edə bilər. Qətərin son illərdə müxtəlif münaqişələrlə bağlı vasitəçilik təcrübəsi var. Taliban Əfqanıstanda ABŞ qoşunlarına qarşı savaşarkən, Qətərdə nümayəndəliyi mövcud idi. ABŞ diplomatları ilə Taliban nümayəndələri arasında danışıqlar məhz Qətərdə gedirdi və bu danışıqların nəticəsi olaraq, sonda Vaşinqton Əfqanıstanı tərk etmək qərarına gəldi”.

Politoloq əlavə edib ki, vasitəçi hansı dövlət olur-olsun, əsas məsələ Əfqanıstanla Pakistan arasında sərhədin hər iki tərəfdən tanınmasıdır:

“Əfqanıstan 1893-cü ildə ingilis müstəmləkəçilərinin müəyyənləşdirdiyi və şərti adı “Durand xətti” adlanan sərhədi tanımır. İki ölkə arasında sərhədin uzunluğu isə 2670 kilometrdir”.