BAKI, 14 oktyabr. TELEQRAF

“Qazaxıstanda aparılan parlament islahatının, yəni birpalatalı parlamentin yaradılmasının əsas məqsədi bu institutun peşəkarlığını gücləndirməkdir”.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Parlament peşəkar olmalıdır. Parlamentin proporsional sistem əsasında, yəni partiya siyahıları üzrə formalaşdırılması təklifi məhz bu məqsədlə irəli sürülüb. Birpalatalı parlament çərçivəsində çoxpartiyalılıq siyasi dialoqun peşəkar əsasda inkişafına təkan verəcək”, - o deyib.

Prezident əlavə edib ki, bu yanaşma partiya quruculuğu üçün də yeni tələblər müəyyənləşdirir: “Rəqəmsallaşma şəraitində populizm böyük rol oynamayacaq, əsas diqqət peşəkarlığa yönələcək”.

Qazaxıstan Prezidenti əlavə edib ki, ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin yaradılmasını nəzərdə tutan islahatı yalnız Senatın (yuxarı palatanın) ləğvi kimi qiymətləndirmək düzgün olmaz.

“Bir daha vurğulamaq istəyirəm ki, parlament islahatını sadəcə Senatın buraxılması ilə eyniləşdirmək tamamilə əsassızdır. Qarşımızda duran məqsəd aydındır: qanunverici hakimiyyət qolunun dərin transformasiyasını həyata keçirmək”.