BAKI, 14 oktyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda səfərdə olan Rusiya baş nazirinin müavini Marat Xusnullin ilə görüşüb.

Teleqraf xəbər verir ki, Sərdar Berdiməhəmmədov səfərin hökumətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, danışıqların ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Tərəflər BMT, MDB və Mərkəzi Asiya-Rusiya formatı çərçivəsində fəal qarşılıqlı əlaqəni qeyd edərək, dostluq, etimad və bərabərlik prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın inkişafına sadiqliklərini təsdiqləyiblər.

Təhsil, elm, mədəniyyət və səhiyyə sahələrində əlaqələr və humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan başqa, Aşqabadda Türkmənistan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib. Tərəflər birgə layihələrin həyata keçirilməsini, əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib, bir sıra sənədlər, o cümlədən görüşün protokolu və təhsil, kənd təsərrüfatı, atçılıq, birja, gömrük sahələrində əməkdaşlığa dair sazişlər imzalayıblar.

Danışıqların nəticələri Türkmənistan və Rusiyanın qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə və ikitərəfli əməkdaşlığın potensialından istifadə etməyə sadiqliyini təsdiqləyib.