BAKI, 13 oktyabr. TELEQRAF

Pakistan ötən həftəsonu ölkənin müxtəlif sərhəd əyalətlərində baş vermiş şiddətli silahlı toqquşmalardan sonra Əfqanıstanla sərhəddəki qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin yazdığına görə, iki ölkə arasında uzunluğu 2 600 kilometr olan bütün sərhəd keçid məntəqələri bağlanıb və sərhədyanı ticarət tamamilə dayandırılıb.

“Bütün nəzarət-buraxılış məntəqələri şənbə günündən etibarən Əfqanıstan tərəfdən baş vermiş təxribat xarakterli hücumlardan sonra bağlanıb. 12 oktyabr axşamı bir neçə atışma baş verib, amma ümumilikdə vəziyyət sakitdir”, - Pakistan mənbəsi deyib.

Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Ənayətullah Xovarazmi agentliyə açıqlamasında təsdiqləyib ki, hazırda sərhəddə vəziyyət sabit olaraq qalır: “Pakistan tərəfi yenidən Əfqanıstanın ərazi bütövlüyünü pozarsa, silahlı qüvvələrimiz ölkənin sərhədlərini qorumağa tam hazırdır və qəti cavab verəcək”.

Oktyabrın 11-də Əfqanıstanın Hilmənd vilayəti ərazisində atışmalar baş verib. Ardınca Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirib. Taliban Hərəkatının rəsmi nümayəndələri əməliyyatla bağlı təfərrüat verməyiblər.

Əfqanıstanın “Tolo News” telekanalının iddiasına görə, toqquşmalar zamanı azı 58 pakistanlı hərbçi həlak olub. İslamabad isə öz növbəsində bildirib ki, 200-dən çox döyüşçü zərərsizləşdirilib, Əfqanıstan ərazisindəki 19 terrorçu obyekt məhv edilib və Pakistan ərazisinə hücum edən ekstremistləri dəstəkləyən Əfqanıstan tank batalyonunun qərargahına zərbə endirilib.