BAKI, 9 oktyabr. TELEQRAF
Yaxın günlərdə Yaponiyanın ilk qadın baş naziri kimi təsdiqlənəcək Sanae Takaiçi qeyri-adi fikirləri və xüsusiyyətləri ilə dünyanın diqqət mərkəzindədir.
Teleqraf xəbər verir ki, 64 yaşlı Takaiçi oktyabrın 4-də Yaponiya Liberal Demokrat Partiyasının yeni sədri seçilib və bununla da partiyaya rəhbərlik edən ilk qadın olub.
Siyasətçi partiyadaxili seçkilərdə 44 yaşlı nazir Sinjiro Koidzumiyə qalib gəlib.
Oktyabrın 15-də parlamentin Takaiçini Yaponiyanın baş naziri kimi təsdiqləyəcəyi gözlənilir.
Bir anda “Gündoğar ölkə”nin gündəmini alt-üst edən bu qadın kimdir?
Takaiçi Nara şəhərində doğulub, partiyanın bir çox siyasətçisindən fərqli olaraq, siyasi ailədən deyil: anası polis, atası isə avtomobil şirkətində işləyib. Gənclik illərində rok musiqisinə maraq göstərib, hətta metal qrupunda ifa edib.

Takaiçi siyasi fəaliyyətinə 1990-cı illərdə başlayıb, bir neçə uğursuz cəhddən sonra 1993-cü ildə parlament üzvü olub. Takaiçi mərhum baş nazir Şinzo Abenin yaxın tərəfdarı sayılır, onun hökumətində daxili işlər və rabitə naziri kimi çalışıb.
Sanae Takaiçi ər-arvadın fərqli soyadlar daşımasına, eləcə də qadınların imperator taxtına çıxmaq hüququna qarşıdır. O, eynicinsli nikahların leqallaşdırılmasının da əleyhinədir.
Onun siyasi proqramı demək olar ki, tam şəkildə Abenin “güclü Yaponiya” ideologiyasının davamıdır — ordunun gücləndirilməsi, pasifist konstitusiyanın yenidən nəzərdən keçirilməsi və iqtisadiyyata stimul verilməsi.
Takaiçi Yaponiyanın ilk qadın lideri olsa da, ondan gender bərabərliyi sahəsində liberal dəyişikliklər gözlənilmir.
“The Economist” yazır ki, partiya üzvlərindən bəziləri onu “ifrat sağçı” adlandırır, keçmiş baş nazir Fumio Kişida isə ona “Taliban” ləqəbini verib.

Takaichi özünü Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə müqayisə edərək bildirib ki, “Yaponiyanın Dəmir ledi”si olmaq istəyir.
Analitiklərin fikrincə, onun hakimiyyəti qısamüddətli ola bilər, çünki ölkə ciddi iqtisadi-sosial problemlərlə üz-üzədir — inflyasiya, işçi qüvvəsinin çatışmazlığı və rekord səviyyədə dövlət borcu.
Bundan əlavə, Takaiçini ABŞ, Çin və Cənubi Koreya ilə mürəkkəb xarici danışıqlar gözləyir. Oktyabrda ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır və məqsədi müttəfiqlik münasibətlərini bərpa etməkdir.
Siyasi ekspertlərə görə, partiyası Takaiçini seçməklə ölkədə artan ultra-sağ hərəkatların təsirini cilovlamağa çalışır, amma onun sərt mövqeyi partiyanın daha mərkəzçi Komeyto Partiyası ilə uzunmüddətli əməkdaşlığını təhlükə altına qoya bilər.
“Yaponiya naminə işləməyə, işləməyə, işləməyə və bir daha işləməyə hazıram,” – Sanae Takaiçi qarşıda duran çətinlikləri qəbul edərək vurğulayıb.