BAKI, 8 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Düşənbədə Tacikistan xarici işlər nazirinin müavini Fərrux Şərifzoda ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hər iki tərəf Ermənistan və Tacikistan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli təmaslarla bağlı məsələləri müzakirə ediblər. Görüşdə ikitərəfli və çoxtərəfli formatda, o cümlədən kommunikasiya, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub.

Görüşün nəticəsi olaraq Ermənistan və Tacikistan arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə diplomatik təmasların və sahəvi əməkdaşlığın aktivləşdirilməsinə dair razılıq əldə olunub.