BAKI, 6 oktyabr. TELEQRAF
Türkmənistanın Pakistandakı səfirliyində Pakistan Regional İqtisadi Forumunun (PREF) sədri Harun Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, Türkmənistan səfiri Atacan Mövlamov ölkənin xarici siyasət prioritetlərini, enerji potensialını, logistika imkanlarını təqdim edib.
Diplomat Pakistanın enerji ehtiyaclarının ödənilməsi və regional inteqrasiyanın gücləndirilməsi üçün birgə layihələrin əhəmiyyətini vurğulayıb.
Mövlamov həmçinin Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının rolunu qeyd edib.
Pakistan tərəfi enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, özəl sektorun iştirakının vacibliyini bildirib.
Tərəflər hər iki ölkənin biznes və şirkətlərini birgə layihələrə, o cümlədən sərgilərdə iştiraka, birgə müəssisələrin yaradılmasına, investisiya və ticarət əməkdaşlığının genişləndirilməsinə daha fəal cəlb etmək barədə razılığa gəliblər.