BAKI, 1 oktyabr. TELEQRAF

Qazaxıstan Tacikistana təxminən 1,65 milyon dollar dəyərində 5 min ton mazut bağışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) məlumat yayıb.

Qazaxıstanın Tacikistandakı səfiri Vəlixan Turexanov Düşənbədə Dövlət Ehtiyatlar Agentliyinin rəhbərliyinə 5 min ton mazut sertifikatını təqdim edib.

Səfir bildirib ki, iki ölkənin strateji münasibətləri çərçivəsində Qazaxıstan rəhbərliyi Tacikistana 893,7 milyon təngə (təxminən 1,65 milyon dollar) məbləğində humanitar yardım göstərmək qərarına gəlib.

Ümumilikdə, son beş ildə Qazaxıstan tərəfinin Tacikistana göstərdiyi humanitar yardımın həcmi 21 milyon dolları ötüb.