BAKI, 1 oktyabr. TELEQRAF

Qazaxıstan parlamenti “Qazaxıstan Hökuməti ilə Türkmənistan Hökuməti arasında cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” qanun qəbul edib.

Teleqraf xəbər verir ki, saziş ötən il oktyabrın 10-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkmənistana səfəri zamanı imzalanıb.

Sənəd cinayətkarlıqla mübarizə sahəsində ikitərəfli əməkdaşlığın hüquqi əsasını formalaşdırıb.

Sənəd iki ölkənin səlahiyyətli orqanları arasında informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, terror və ekstremist cinayətlər, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi, habelə qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə sahəsində əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.