BAKI, 22 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin müvafiq qurumlara kosmosda raketdən müdafiə sistemlərinin yerləşdirilməsi də daxil olmaqla, ABŞ-nin raket arsenalının genişləndirilməsinə hazırlıqlara ciddi nəzarət etməyi tapşırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə brifinq zamanı deyib.

“Mən aidiyyəti qurumlardan Amerika tərəfinin, ilk növbədə, START (strateji hücum silahları) arsenalı ilə bağlı müvafiq fəaliyyətlərini diqqətlə izləməyə davam etməyi əmr edirəm. ABŞ-nin raketdən müdafiə sistemlərinin strateji komponentlərinin yaradılması planlarına, o cümlədən kosmosda yerləşdirilməsinə hazırlıqlara da xüsusi diqqət yetirilməlidir”, - Putin vurğulayıb.

Rusiya lideri hesab edir ki, bu cür sabitliyi pozan hərəkətlərin praktiki həyata keçirilməsi Moskvanın strateji hücum silahları sahəsində status-kvonu saxlamaq səylərinə xələl gətirə bilər.

Vladimir Putinin sözlərinə görə, Moskva və Vaşinqton arasında nüvə raketləri və strateji müdafiə silahlarına nəzarət üzrə razılaşmalar sistemi demək olar ki, tamamilə məhv edilib:

“Nüvə raketləri və strateji müdafiə silahlarına nəzarət üzrə Sovet-Amerika və Rusiya-Amerika razılaşmaları sistemi demək olar ki, addım-addım tamamilə sıradan çıxarılıb”.