BAKI, 20 sentyabr. TELEQRAF
"Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib. Onlar təcili tibbi yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir".
Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fuad Rzayev deyib.
Həkim qeyd edib ki, xəsarətlər əsasən bud-çanaq sınıqları və beyin silkələnmələri ilə bağlıdır. Onun sözlərinə görə, xəstələr müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicələri davam etdirilir.
Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.
***
17:19
Naxçıvanda sərnişin avtobusu ağır qəza törədib.
Teleqraf xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
Naxçıvan-Bakı istiqamətində hərəkət edən avtobus dərəyə aşıb, çoxlu sayda yaralının olduğu bildirilir.