BAKI, 6 sentyabr. TELEQRAF
Əfqanıstanda baş verən silsilə dağıdıcı zəlzələlərdən sonra Talibanın nəzarətində olan xilasetmə xidmətləri dağıntılar altından yalnız kişiləri çıxarıb. Taliban şəriət qaydalarına uyğun sayaraq, qadınları öz taleyinə buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
ABŞ nəşri bildirib ki, Taliban fövqəladə hallarda belə, ailə üzvü olmayan kişi və qadınlar arasında hər hansı fiziki təması yasaqlayan ciddi dini qanunlara riayət edir. Buna görə də, xilasedicilər yalnız kişi və uşaqları xilas edib, dağıntılar altında qalan qadın və yeniyetmə qızlardan yan keçiblər.
Kunar əyalətində könüllü xilasetmə qrupu qadınları çökmüş binaların dağıntıları altından çıxarmaqda tərəddüd etdiklərini bildirib. Komandanın hamısı kişilərdən ibarət olduğundan, onlar yaralı qadınları dağıntılar altında qoyublar, yalnız ətraf ərazilərdə yaşayan qadınlar gəlib onları çıxarıblar.
Məlumatda deyilir ki, dağıntılar altından təkbaşına çıxan qadınlara tibbi yardım göstərilməyib.
Bəzi xilasedicilər də dəri ilə təmasdan qaçmaq üçün ölü qadınları paltarlarından tutaraq çıxarıblar.
Əfqanıstan hökumətinin açıqlamasına görə, zəlzələ nəticəsində azı 2200 nəfər ölüb, 3600 nəfər yaralanıb. Nəşr qeyd edib ki, Taliban rəqəmlərlə bağlı gender bölgüsü təqdim etməyib. Amma ən çox qadınların zərər çəkdiyi güman edilir.
“Ən pisi odur ki, Taliban qadınlara tibb də daxil, əksər peşələrdə işləməyə qadağa qoyub və onlara humanitar təşkilatlarda çalışmaq da qadağandır”, - mənbə vurğulayıb.
Zəlzələnin ertəsi günü Məzari-Dərə rayonuna gələn “New York Times” müxbiri zərərçəkənlərə yardım edən tibb, xilasetmə və humanitar qruplar arasında qadınların olmadığını görüb. Rayon xəstəxanalarından heç birində bir nəfər də olsun, qadın əməkdaşa rast gəlinməyib.
Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman zəlzələdən zərər çəkmiş bölgələrdə qadın tibb işçilərinin çatışmazlığını etiraf edib: “Amma Kunar, Nanqarhar və Laqmandakı xəstəxanalarda zəlzələ qurbanlarının müalicəsi üçün çoxlu sayda qadın həkim və tibb bacısı var”.