BAKI, 5 iyun. TELEQRAF
“Çin dron müharibəsində Ukraynanı keçməsi üçün Rusiyaya yardım edir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin nümayəndəsi Oleq Aleksandrov deyib.
“Çin istehsalçıları rusları avadanlıq, elektronika, naviqasiya, optik və telemetriya sistemləri, mühərriklər, mikrosxemlər, prosessor modulları, antena və idarəetmə sistemləri, naviqasiya ilə təmin edir. Onlar bu məqsədlə ofşor şirkətlərdən istifadə edirlər, adlarını dəyişir, ixrac nəzarəti və fəaliyyətlərinə görə sanksiyalardan qaçmaq üçün hər şeyi edirlər”, - ukraynalı kəşfiyyatçı bildirib.
Pekin Rusiyaya PUA və ya silah komponentləri verməsini dəfələrlə təkzib etsə də, Aleksandrovun sözlərinə görə, Rusiya həm taktiki, həm də uzaqmənzilli pilotsuz təyyarələr üçün Çinin ehtiyat hissələrinin tədarükündən böyük dərəcədə asılıdır. Kəşfiyyat rəsmisi hesab edir ki, bu, Rusiyaya pilotsuz təyyarə texnologiyası və istehsalında Ukrayna ilə fərqi aradan qaldırmağa imkan verir.
Oleq Aleksandrov xatırladıb ki, Rusiya 2024-cü ildəki 15 minlik uzaqmənzilli pilotsuz təyyarə istehsalını bu il 30 minədək artıra bilib.