BAKI, 13 may. TELEQRAF
“Pakistan son döyüşlərdə Hindistanı bir neçə saata məğlub etdi”.
Teleqraf xəbər verir ki, bunu pakistanlı senator Şerri Rəhman deyib.
Senator Hindistan mediasının son qarşıdurma zamanı reallıqla heç bir əlaqəsi olmayan, fantastik “Bollivud filmi” çəkdiyini bildirib.
“Bu, Pakistanın nüfuzunu artırdı. İndi sərhədin o tayında Hindistan xalqı ona (Dehli tərəfindən) xəyanət edildiyini başa düşür. Bu müharibənin məsuliyyətini bizim üzərimizə qoymağa çalışırlar. Biz onu bir neçə saat ərzində qazandıq”.
Şerri Rəhman Pakistanın heç vaxt müharibə tərəfdarı olmadığını, çünki belə hallarda ən çox əziyyəti mülki vətəndaşların çəkdiyini vurğulayıb.
“Hindistan Pahalqam hücumundan müharibəyə başlamaq üçün bir vasitə kimi istifadə elədi. Siz araşdırılmamış terror aktını müharibə aktı ilə eyniləşdirə bilməzsiniz və burada terrorçu Hindistandır. Amma Pakistan Hindistanın qırmızı xətti keçməsinə imkan vermədi”, - senator əlavə edib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində (Pahalqam şəhərində) silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.
Pakistan Hindistanın mayın 10-dakı hava zərbələrinə də sərt cavab verib.