BAKI, 25 aprel. TELEQRAF

Hindistanın hərbi mənbələri bildiriblər ki, hind ordusu gecə saatlarında Cəmmu-Kəşmir nəzarət xətti boyunca mövqeləri hədəf alan Pakistandan açılan atəşə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News Arabia” məlumat yayıb.

Hindistan tərəfi iddia edir ki, hərbi qüvvələr Pakistan ordusuna “effektiv cavab” verib, itki yoxdur.

Pakistanın yüksək rütbəli rəsmisi kanala deyib ki, Pakistan və Hindistan qüvvələri gecə ərzində nəzarət xətti boyunca atəş açıblar:

“Gecə ərzində Lipa vadisində iki məntəqə arasında atışma olub. Heç bir mülki vətəndaş hədəf alınmayıb”.

Kəşmirdə 26 turistin ölümü ilə nəticələnən hücumdan sonra Hindistan və Pakistan arasında gərginlik artıb. Dehli baş verənlərə görə Pakistanda fəaliyyət göstərdiyini iddia etdiyi qruplaşmanı günahlandırıb, İslamabad iddianı rədd edir.

Hindistan və Pakistan bundan sonra qarşılıqlı olaraq vətəndaşlarının bir-birinin ərazisindən çıxarılmasını əmr edib, Dehli İslamabadla su mübadiləsi müqaviləsini dayandırdığını açıqlayıb.