Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera ifaçıları Fidan və Xuraman Qasımova bacılarının konseti baş tutub.

Konsert haqqında təəssüratlarını Teleqraf.com-a danışan F.Qasımova həyəcanlı olduğunu qeyd edib: "Məsuliyyət hiss edirəm. İstəyirəm ki, azərbaycanlı tamaşaçılarımız Fidan və Xuraman bacılarını səhnədə görsünlər. Musiqiçilərlə gözəl bir konsert proqramı hazırlamışıq. İnanırıq ki, bütün insanların xoşuna gələcək".

X.Qasımova isə qeyd edib ki, tamaşaçılar onları zövqlə dinləyəcəklər: "Mən də çox həyəcanlıyam. İnanırıq ki, tamaşaçılar səsələndirdiyimiz əsərlərdən zövq alacaqlar".

Konsert proqramını giriş sözü ilə açan Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Qasımova bacılarının səhnə fəaliyyətindən, mükafatlarından və Azərbaycan musiqi tarixinə töhfələrindən danışıb.

Konsertdə xalq artisti Alim Qasımov da səhnəyə çıxıb və Fidan, Xuraman bacıları ilə duet ifa edib. Konserti dirijor Teymur Göyçayovun bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Orkestrı müşayiət edib. Proqramda tanınmış caz ifaçısı Emil Əfrasiyab da çıxış edib.

Fidan və Xuraman Qasımova bacıları konsertdə xalq, bəstəkar mahnılarını, eləcə də xarici bəstəkarların əsərlərini ifa ediblər.

Gecədə Xalq artisti Fərhad Bədəlbəyli, yazıçı Anar, xalq artisti Alim Qasımov, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov və b. qonaqlar iştirak ediblər.

Rəqsanə