Ötən gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan Xocalı” adlı sərginin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımı haqqında danışıb: “Bu qətliam bəşər tarixinin ən dəhşətli cinayətlərindən biridir. Xocalıda soyqırımında 613 nəfər öldürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın və 70 nəfəri qoca olub, 8 ailə tamamilə məhv edilib. İşğal altında olan 20 faiz torpaqlarımızda 1500-dən çox tarixi abidə, 4 dövlət teatrı, 26 muzey, 85 musiqi məktəbi, 5 milyona qədər kitab və nadir əlyazma nümunələri və digər mədəniyyət nümunələri dağıdılıb”.

O bildirib ki, sərgidə rəssamlar Xocalı soyqırımını daha dolğun şəkildə çatdırmağa çalışıblar.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da bu mövzuda sərginin bir neçə ildir keçirildiyini, təqdim edilən əsərlərin müsabiqə yolu ilə seçildiyini vurğulayıb. O bildirib ki, sərgi Xocalı faciəsinin, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sonra əl işlərinə baxış keçirildi. Sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28, 10 heykəltəraşın 12, 10 dekorativ-tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunur. Sərgi fevralın 27-dək davam edəcək.

Nərmin