Ötən gün Nizami Kino Mərkəzində “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, film polşalı kino xadimlərinin “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində istehsal olunub. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, polşalı müəlliflər və prodüserlər, gənc rejissorlar iştirak ediblər.

Layihənin orijinallığından danışan Yusif Şeyxov Bakıda keçirilən təlimlərə diqqət çəkib: ““Dünya sübhdən günbatanadək”in müəllifləri polşalı Miroslav Dembinski və Maçyej Driqasdır. Layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilir. Bakıdakı layihənin master klasları isə avqustun 21-dən sentyabrın 7-dək davam edib. 25 gənc rejissorun qatıldığı bu ustad dərslərində iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. Tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Layihə çərçivəsində 18 qısa film çəkilib”.

Polşalı kino xadimi Maçyej Driqas tamaşaçıları salamlayaraq ürək-dolusu layihədən söhbət açıb. O bildirib ki, film 3 həftəlik master - klasın nəticəsidir: “Yenidən sizi salamlamaq, yenidən Bakıya qayıtmaq çox xoşdur. Film barədə çox danışmaq istəmirəm. Çünki çəkdiyin filmi izah etməkdən dəhşətli heç nə yoxdur. Mən layihəni Bakıda həyata keçirməyə yardımçı olan insanlara təşəkkür edirəm. Bu gün bu gənc rejissorlara diqqətlə baxın, çünki onlar Azərbaycan kinematoqrafiyasının gələcəyidir”.

“Azanfilm” kinostudiyasının direktoru, layihənin Azərbaycan üzrə əlaqələndiricisi Fariz Əhmədov bildirib ki, layihə hər şəhərdə “Polşa Sənədli Film Məktəbi”nin filmlərinin təqdimatı, maarifləndirici kino seminarları, filmlərin ekranlaşdırılması və istehsal olunan filmin “Dünya sübhdən günbatanadək” layihəsi ilə dünyanın müxtəlif bölgələrində, kinofestivallarda və televiziyalarda təqdim edilməsindən ibarət olan dörd mərhələdə yerinə yetirilir. Layihə bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio , Tbilisi, Yerevan, Kişineu, Bıdqoş , Bakı, İstanbul və Kəlküttədə reallaşdırılıb: “Kino ağır bir sahədir, xüsusən də bu qədər gənc rejissor bir layihədə olanda…Gənc rejissorlar şəhər həyatından bir situasiya seçib, saatlarla çəkiliş aparıblar, nəticədə alınan materiallardan müəllimlərin nəzarəti altında 3-4 dəqiqəlik süjet alınıb. Və bunun nəticəsində şəhərin canlı təsviri kimi 50 dəqiqəlik sənədli film meydana gəlib. Hər birinizə yeni filmlər və o filmlərin Nizami Kino Mərkəzində eləcə də digər kino zallarda baxışlarını keçirməyi arzu edirəm”.

Çıxışlardan sonra “Bakı sübhdən günbatanadək” filmi nümayiş olunub.

Nərmin