
Fərid Əmiraslanov V Televiziya Muğam Müsabiqəsində yarışacaq gənc xanəndədir.
Yaradıcılıq fəaliyyətində ilk böyük səhnə yarışmasında iştirak edəcək xanəndə Teleqraf.com-un əməkdaşı ilə söhbətində sənətə gəlişindən və müsabiqədə iştirakı ilə bağlı maraqlı faktlardan danışıb: “Bizim xəmirimiz musiqilə yoğurulub. Atam Sərdar Əvəzoğlu 35 ildən artıqdır ki, professional sənətdədir. Gözümü açandan onu və bir çox ustad sənətkarlarımızı görmüşəm. Böyük ustadımız Yaqub Məmmədovun dizinin üstündə böyümüşəm. Uşaq yaşlarından musiqi bəstələyirdim. O vaxtlar atam mənim xanəndə olmağımı istəmirdi. Çünki özü çox əziyyət çəkmişdi. Düzü hüquqşünas olmaq istəyirdim. Bir dəfə şair Əli Əliyevin ”Seyid Yusif Ağa qurbanın olum" şerinə bəstələdiyim mahnını atama oxuyanda çox təəccübləndi. 1998-ci ildə məni Bərdədə yerləşən Xan Şuşinski adına orta ixtisas musiqi texnikumunun fortopionino şöbəsinə gətirdi. Bir çox tədbirlərdə iştirak edirdim. 2005-2009-cu illərdə Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Bizim səhnəmizin Leylisi Nəzakət xanım Teymurovanın tələbəsi adını qazandım. Hərbi xidmətdən qayıdandan sonra Milli Konservatoriyaya sənədlərimi verdim və qəbul olundum. Hazırda ikinci kursda oxuyuram və yenə də Nəzakət Məmmədovadan dərs alıram. İctimai işləri də sevirəm, belə ki, Universitetin Tələbə Gənclər Təşkilatının sədriyəm".
Onun sözlərinə görə, bu il Televiziya Muğam Müsabiqəsinə qatılmaq fikrində deyilmiş: “Çünki ötən il sənədlərimi bu müsabiqəyə verəndə qəbul olunmadım. Xanəndə olanlar bilirlər ki, bəzən səs yerində olmur. Amma müsabiqə olduğundan münsiflərsəsi o an üçün qiymətləndirir. O qədər yaxşı oxuyanlar var ki, müsabiqə ərəfəsində heç birinin səsi işləmir. Mən də onlardan biri idim, müsabiqəyə də həvəslə getmişdim. Səhv məndə idi ki, səsimə qulluq etməmişdim. Ona görə müsabiqənin seçim mərhələsinə məndən də yaxşı ifa edənlər keçdi. Ötən ilin məğlubiyyətinə görə bu il çox həvəssiz idim. Ona görə sənədlərimi vermədim. Atam Arif Babayevlə danışanda Arif müəllim mənim müsabiqəyə sənəd verib-verməməyimlə maraqlanıb. Biləndə ki, verməmişəm, israrla atama deyib ki, sənədlərini təqdim etsin. Beləcə, mən Bərdədəki seçimlərə qatıldım. O seçimlərdən ikinci tura mən və başqa bir ifaçı seçildi. İkinci turda ”Rast" muğamı oxudum, münsiflər çox bəyəndi. Görkəmli xanəndəmiz Əlibaba Məmmədov ifamdan feyzyab oldu. Belə qərara gəldilər ki, mən budəfəki Muğam Müsabiqəsində iştirak etməliyəm. İndi iyirmilikdəyəm. 1000 nəfər namizədin içərisindən iyirmiliyə seçilməyim böyük uğurdur".
O deyib ki, Muğam Müsabiqəsi gənc xanəndələr üçün geniş imkanlar açır: “Hazırda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək sayəsində muğam tək ölkədaxilində deyil, beynəlxalq aləmdə də tanınıb. Muğam müsabiqələri təşkil olunmamışdan öncə gənc xanəndələrin efirlərə çıxması çox çətin məsələ idi. Bu gün sovet dövründəki senzura olmasa da, yenə də efirlərə çıxmaq asan deyil. Gərək xanəndə özünü sübut etsin ki, televiziya özü onu efirə dəvət etsin. Bu mənada Muğam Müsabiqəsi gənc xanəndələrin həyatında dönüş yaratdı. Maddi vəsaiti olmayan, ancaq səsinə güvənən gənclər Muğam Müsabiqəsində iştirak etməklə yüksək kürsünü tuta bilirlər. Ona görə mənim gözləntim ilk növbədə tanınmaqdır. Bu müsabiqə respublika səviyyəsində keçirilsə də, bütün dünyada baxılır. Bütün sənətkarların arzusu xalqın onları tanımasıdır. Mən də bu müsabiqədə yaxşı çıxış etməklə tanınmaq, potensialımı xalqa nümayiş etdirmək istəyirəm. Müsabiqədə ilk çıxışım fevral ayının 20-də Muğam Mərkəzində olacaq. İlk həftə ”Qaragilə" mahnısını, “Dilkeş” təsnifi, ikinci həftədə xalq təsnifləri, üçüncü həftə də ritmik muğamlar ifa edəcəyəm".
Nərmin