“Əsgərin şücaəti”nin çəkilişləri yekunlaşdı

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Əsgərin şücaəti” bədii filminin çəkilişləri yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin montaj, səsləndirmə prosesinə başlanılacaq.

Əsas çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanov, Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Nərmin