Azərbaycan Dövlət Musiqili Teatrında yaxın günlərdə “Toya bir gün qalmış” komediyasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, yazıçı-dramaturq Əli Səmədlinin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur: “Xalq artisti, milyonlarla tamaşaçının sevimlisi Afaq xanım Bəşirqızı bu tamaşada baş qəhrəmanın obrazını canlandırır. Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, madiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Təbii ki, bu qərardan agah olmaq istəyənlər yaxın vaxtlarda premyerası planlaşdırılan tamaşanı mütləq izləməlidirlər. Tamaşada bu kişinin həyat yoldaşının obrazını Afaq Bəşirqızı ifa edir.

Qeyd edək ki, musiqi tərtibatçısı Emin Həsənovdur. Komediyada səslənən musiqiləri isə tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək. Tamaşada əsas obrazları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Nərmin