
Yazıçı - dramaturq Samir Sədaqətoğlu Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub.
Bu barədə teatrdan Teleqraf.com-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, teatr sahəsinə kifayət qədər bələd olan Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü S.Sədaqətoğlunun bir neçə pyesi ölkə teatrlarında tamaşaya qoyulub və bir sıra mükafatlara layiq görülüb. Ötən mövsüm onun ssenarisi əsasında çəkilərək Azad Azərbaycan Televiziyasında yayımlanan “Toy gecəsi” serialı geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.
S. Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc nasiri” və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına “Uğur” mükafatlarını alıb. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında Xalq artisti, “Şöhrət” ordenli rejissor Cənnət Səlimovanın quruluş verdiyi “İtən vaxt” əsəri “Üfüq XXI” IV Respublika Monotamaşalar Festivalında Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi mükafatına layiq görülüb. 2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi “Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində “Yerə-göyə sığmayan”, “Bir redaksiyada” və “Azadlıq həzzi” pyesləri ilə iştirak edib və ikinci yeri qazanıb. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festivalında nümayiş olunub, bir pyesi festivalın 2-ci mükafatının, digər bir pyesi isə “Ən yaxşı kişi obrazı” nominasiyasının qalibi olub. 2011-ci ildə “Yerə-göyə sığmayan” pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tamaşaçılara təqdim olunub.
“Həbsxanada bayram” dramı Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Axundov dərsləri” çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunub və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosasiyasının Moskvada nəşr olunan “MDB-nin ən yaxşı gənc dramaturqları” kitabına daxil edilib. 10-a yaxın pyesin və bir neçə sənədli və bədii filmin ssenari müəllifidir. Yeni Yazarlar və Sənətçilər Qurumunun “Yeni nəsil yazarı” nominasiyasının qalibi olmuş “İtən vaxt” kitabının müəllifidir.
Nərmin