Teleqraf.com şair Mətləb Ağanın yeni şeirini təqdim edir.
***
İlğımdı, ya yuxuydu,
o üfüqdə görünən?
əl uzatsan, çatardı,
indi burdaydı dünən...
Bir cümləydi, ya şəkil -
qaysağı qopmuş yara.
Gedib çatan olubmu,
o ilğım uzaqlara?
Xatirələr - qum gölü,
batarsan yeridikcə...
Onsuz da son nəfəsə,
qalan ümiddi təkcə...
...İstər bir nəğmə olsun,
istər bir ağız dua,
hərdən durub gülümsə
canındakı qorxuya...
...sonra ilğım çəkildi,
Günəş son dəfə batdı,
üçcə kəlmə yazıydı;
“nə vardı, zarafatdı...”