Aşıq Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur.
Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün 78 yaşında dünyasını dəyişən, hamının Dədə Ədalət dediyi Aşıq Ədalət haqda məşhur türk yazıçısı Əziz Nesin deyib:
"Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Aşıq Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
Xatıladaq ki, şifahi xalq yaradıcılığı və saz havaları ustadı olan aşığın əsl peşəsi saz ifaçılığı olub.
Əməkdar incəsənət xadimi olan Aşıq Ədalət vaxtilə "Şöhrət" ordeninə layiq görülüb.
Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxan gənc aşıq məclislərə dəvət alıb. Ustadı Aşıq Əli olub.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu imiş.
Dədə Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı idi.
Allah rəhmət eləsin!