BAKI, 7 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
20:33
Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, bu səbəbdən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.
