BAKI, 23 iyul. TELEQRAF

Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodriges BMT nümayəndələri ilə görüşərək iyunun 24-də baş vermiş dağıdıcı zəlzələnin qurbanlarına yardım göstərilməsi məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Venezolana de Televisión" telekanalı məlumat yayıb.

Bildirilib ki, Delsi Rodriges BMT-nin Venesueladakı daimi əlaqələndiricisi Canluka Rampollanın rəhbərlik etdiyi ümumdünya təşkilatının nümayəndələrinə fövqəladə vəziyyətlə əlaqədar göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

O, zərərçəkmiş əhaliyə humanitar yardım planının həyata keçirilməsində BMT nümayəndəliyi ilə əməkdaşlığı və əlaqələndirilmiş işi yüksək qiymətləndirib.

Qeyd edək ki, iyunun 24-nə keçən gecə Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. İyulun 22-nə olan rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində 5 398 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb.

Ölkədə 190 bina tamamilə dağılıb, 856 bina ciddi şəkildə zədələnib. Xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 23 335 nəfər isə 107 müvəqqəti düşərgədə yerləşdirilib. Bundan əlavə, bölgədə ümumilikdə 1 463 afterşok qeydə alınıb.