BAKI, 10 aprel. TELEQRAF
“ABŞ-İran danışıqlarının müsbət yekunlaşacağına ümid edirik”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İran danışıqlar üçün Pakistana səfərə gedərkən jurnalistlərə deyib.
“Ümid edirik ki, danışıqlar müsbət olacaq. Əgər iranlılar xoş niyyətlə hərəkət etsələr, biz də onlara kömək əlimizi uzadacağıq”, - o bildirib.
Vens ABŞ Prezidenti Donald Trampdan İranla danışıqlarla bağlı dəqiq təlimatlar aldığını da söyləyib:
“Danışıqları müsbət şəkildə aparmağa çalışacağıq. Prezident bizə kifayət qədər aydın təlimatlar verib”.
Vitse-prezident əlavə edib ki, İran bəhanələrlə danışıqları uzatmağa çalışsa, ABŞ-nin adekvat addımları ilə üzləşəcək: “Əgər iranlılar bizi aldatmağa çalışsalar, əməkdaşlıq olmayacaq, geri çəkilməyəcəyik. Prezident bizə danışıqlar üçün əsas istiqamətləri göstərib”.
Ceyms Devid Vens İranla konstruktiv danışıqların aparılacağına ümid etdiyini bildirib: “Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, onlar konstruktiv olacaqlar”.