BAKI, 8 yanvar. TELEQRAF

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu qaçırmasından sonra Kuba hökuməti əlavə təhlükəsizlik tədbirləri görüb. Sadə kubalılar da qorxu içindədir, onların arasında öz ölkələrinin prezidentinin ABŞ tərəfindən devriləcəyinə ümid edənlər çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr yazır ki, Karakasda həyata keçirilən ildırımsürətli reyd zamanı amerikalılar Venesuela hökumətinə hərbi mühafizə xidməti göstərən, eləcə də hərbi kəşfiyyata kömək edən çoxlu sayda kubalı hərbçini öldürüblər. Bunun müqabilində Venesuela Kubaya yanacağı endirimli qiymətlərlə tədarük edirdi, yanacağın bir hissəsi adada elektrik enerjisinin istehsalı üçün istifadə olunurdu. Amma ABŞ-nin heç bir itki vermədən xüsusi əməliyyatı bu qədər asanlıqla həyata keçirməsi kubalıları sarsıdıb, Kuba hökumətinin xarici müdaxilədən özünü qoruya bilməsi ilə bağlı inamı zəiflədib. ABŞ dövlət katibi Marko Rubio da vəziyyəti daha da gərginləşdirərək açıq şəkildə bəyan edib ki, kubalı məmurların əsəbiləşməyə başlamasının vaxtıdır.

“Bloombergə” Kuba vətəndaşlarının sözlərinə görə, adanın böyük şəhərlərində polis və hərbçilərin görünən iştirakı artıb, küçələrdə ümumi ab-hava isə gərginləşib.

“İnsanlar qorxur, əsəbləşirlər, amma ümidlidirlər. Elə adamlar var ki, Kubanın azad olub-olmayacağını da düşünürlər”, - kommunist rejiminin əleyhdarı olan 47 yaşlı kubalı Taymir Qarsiya deyir.

Bütün bunlar SSRİ dağıldıqdan sonra Kubanın əsas sponsoru itirdiyi dövrdən bəri ən ağır iqtisadi böhran fonunda baş verir. Əgər Venesuela indi də Havanadakı hökumətə yardımı tamamilə dayandırsa, vəziyyət daha da pisləşəcək.

“Biz onsuz da qaranlıqda yaşayırıq, amma sahib olduğumuz az miqdarda elektrik enerjisi (Venesueladan gələn neft hesabına) əldə olunur”, - kubalı Emilio bildirir.

Kuba Prezidenti Migel Dias-Kanel xalqı Kuba inqilabını öz həyatı bahasına müdafiə etməyə çağırıb. Amma kubalıların əksəriyyəti sadəcə mümkün müdaxilə zamanı salamat qalmağa köklənib.

“Burada heç nə işləmir - nə işıqlandırma, nə xəstəxanalar, nə məktəblər, nə də nəqliyyat. Hamı nəyinsə dəyişməsini istəyir”, - kubalı Marta Vaskes söyləyir.