BAKI, 26 noyabr. TELEQRAF
Donald Tramp administrasiyasının təklif etdiyi sülh sazişi layihəsi ABŞ, Ukrayna və Avropa ölkələri arasında 28 bənddən 19-a qədər yenidən işlənib. Rusiya bəyan edib ki, ilkin versiya ilə tanışlıqdan sonra sülh planının işlənmiş variantını gözləyirlər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla məlumat yayıb.
Nəşr bildirib ki, hətta Tramp planının ilkin variantı da Rusiyanı tam qane etməyib. Analitiklərə görə, demək olar ki, söhbət Ukraynanın kapitulyasiyasını nəzərdə tutan plandan (Kiyev bunu qəbul etmir) gedir.
Mənbələr qəzetə deyiblər ki, ilkin 28 bəndlik sülh planı Kreml üçün sadəcə başlanğıc nöqtəsidir, bunların yalnız bəzi elementləri onun maraqlarına uyğun gəlir. Mənbənin sözlərinə görə, Rusiya lideri Vladimir Putin hərbi əməliyyatların dayandırılması müqabilində vacib nəsə əldə etməyə çalışır.
“Əslində, Putin müharibəni davam etdirmək istəmir, amma o fürsətçidir. Müharibəni bitirmək müqabilində ciddi bir şey əldə etməlidir. Həmçinin, Kreml rəhbəri başa düşür ki, heç kim onun mövqeyini ciddi qəbul etmir”, - mənbə vurğulayıb.