BAKI, 22 noyabr. TELEQRAF

ABŞ rəsmiləri NATO-dakı müttəfiqlərinə izah ediblər ki, Ukrayna Donald Tramp administrasiyasının sülh planını qəbul etməsə, gələcəkdə ona daha pis bir razılaşma təklif olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Noyabrın 21-də ABŞ-nin Quru Qoşunları naziri Daniel Driskoll Kiyevdə NATO ölkələrinin səfirləri ilə görüşdə bildirib ki, razılaşma ideal deyil, amma mümkün qədər tez əldə edilməlidir. Qeyd olunur ki, danışıqlarda ağır atmosfer hökm sürüb. Avropalı diplomat bunu “dəhşətli görüş” adlandırıb və Donald Trampın ilin əvvəlində Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi qalmaqallı görüşünü xatırladıb.

Vaşinqton ümid edir ki, Tramp və Zelenski bu sənədi birlikdə imzalayacaq.

Xatırladaq ki, bundan öncə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair “sülh planı” açıqlanıb. ABŞ tərəfindən hazırlanmış 28 maddəli plan Ukraynanın ərazi güzəştləri ilə razılaşması, hərbi imkanlarını məhdudlaşdırması və NATO-ya üzvlük səylərindən imtina etməsini nəzərdə tutur. Sənəd Rusiyanı qane etməyə biləcək bəzi maddələri də ehtiva edir, məsələn, ondan işğal olunmuş ərazilərin bir qismini tərk etməsi tələb olunur.

Utancvericidir, Gürcüstanda Ukraynanın ağır durumuna görə sevinirlər