BAKI, 17 may. TELEQRAF

Prezident Donald Trampın administrasiyası keçmiş ABŞ lideri Cozef Baydenin məxfi sənədlərin lazımi qaydada saxlanılmaması işi ilə bağlı xüsusi prokuror Robert Hörla söhbətlərinin səs yazılarını dərc etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, gələn həftə Trampın sələfinin yaddaş problemlərinin aşkar olunduğu dindirilmənin səs yazıları açıqlana bilər. Əvvəlki administrasiya səs yazılarını dərc etməkdən imtina edirdi və bunu belə məlumatların açıqlanmasının gələcəkdə bənzər araşdırmaların aparılmasına mane olacağı ilə əsaslandırmışdı.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Hör araşdırmanın nəticələrinə əsasən, Baydenin məxfi sənədləri bilərəkdən saxladığına dair sübutlar olmasına baxmayaraq, ona qarşı ittiham irəli sürməmək qərarına gəlmişdi. Xüsusi prokuror hesabatında qeyd etmişdi ki, ifadə verərkən Baydenin yaddaş problemləri aşkar olunmuş və o, öz bioqrafiyasından mühüm tarixləri xatırlaya bilməmişdi.

2023-cü ilin yanvarında məlum olmuşdu ki, Baydenə bağlı olan Vaşinqton analitik mərkəzinin binasında bir sıra məxfi sənədlər tapılıb. Bu sənədlər onun ABŞ vitse-prezidenti vəzifəsində olduğu dövrə (2009-2017) aiddir. Daha sonra oxşar materialların Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində də aşkar edildiyi bildirilmişdi.