BAKI, 22 aprel. TELEQRAF

Türkiyəni düşmən kimi görmək tamamilə axmaqlıq olardı.

Teleqraf xəbər verir ki, bunu amerikalı analitik Maykl Doran ABŞ prezidentinin sabiq müşaviri Elliot Abramsın “Ərdoğana güvənməyin” çağırışına cavab olaraq deyib.

“Amerika xarici siyasətinin əsas hədəfi olan Çin, Rusiya, İran və Şimali Koreya kimi revizionist güclərin yaratdığı təhlükəni tarazlaşdırmaqda Türkiyə əvəzolunmazdır. Türkiyə təkcə geosiyasi mövqeyi ilə yox, həm də çoxşaxəli hərbi-diplomatik imkanları ilə Qərb bloku üçün strateji tərəfdaşdır. Türklər Şərqi Avropa, Balkan, Yaxın Şərq və Cənubi Qafqaz da daxil olmaqla, bir çox fərqli cəbhədə aktiv rol oynayır, Ukraynanın suverenliyini dəstəkləyir və NATO-nun ikinci ən böyük ordusuna sahibdir”, - ekspert bildirib.

Doranın fikrincə, Türkiyə istisna olunarsa, Qərbin əli Rusiyaya qarşı bağlanacaq: “Əgər Vaşinqton Ankaraya doğrudan da düşmən kimi baxırdısa, Avropanın şərqindəki ölkələr özlərini necə təhlükəsiz hiss edə bilərdi?”

Analitik əlavə edib ki, Türkiyəni kənarda qoymaq və ya düşmən elan etmək Qərbin maraqlarına zərbə vuracaq:

“Hərbi ittifaqlar ortaq dəyərlərə deyil, ümumi maraqlara əsaslanır. Strategiya bu faktı qəbul etməklə başlayır”.