
BAKI, 14 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya lideri Vladimir Putinlə görüşərək, Amerikaya qayıdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Ukrayna nümayəndələri ilə Ciddədə (Səudiyyə Ərəbistanı) son görüşdən və Putinin hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı bəyanatından sonra nikbindir. Uolts əlavə edib ki, Amerika lideri Uitkoff Rusiyadakı danışıqların nəticələri barədə ona məlumat verdikdən sonra əlavə qərarlar verəcək.
“Mən orada (Moskvada) olan həmkarım, xüsusi səfir Uitkoff ilə danışdım. O, Prezident Trampın gələcək addımları üçün əsas olacaq məlumatlar gətirir. Əlbəttə, hər iki tərəfin öz tələbləri var və hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq”, - rəsmi qeyd edib.
Uolts vurğulayıb ki, o, Donald Trampı qabaqlamamaq üçün heç nə elan etməyi və ya müzakirə etməyi planlaşdırmır.
Xatırladaq ki, Stiv Uitkoff dünən Rusiya-Ukrayna müharibəsinin həll prosesi çərçivəsində danışıqlar aparmaq üçün Moskvada səfərdə olub.