BAKI, 18 fevral. TELEQRAF

Argentina Prezidenti Xavyer Miley barəsində korrupsiya iddiaları ilə başlayan məhkəmə prosesi üçün hakim təyin edilib.

Teleqraf xəbər verir ki, Miley ötən həftə "X" sosial media hesabında libra koini haqda paylaşım edərək, bu kriptovalyutanın kiçik biznes və startaplara maliyyə təmin edəcəyini bildirib.

Prezident kriptovalyutanın satıldığı linki paylaşdıqdan sonra onun qiyməti qalxıb. Bununla belə, bir neçə saat ərzində o, postunu silib və kriptovalyutanın dəyəri kəskin şəkildə aşağı düşüb, nəticədə investorlar pullarının çoxunu itiriblər.

Argentina parlamentinin bəzi müxalif deputatları bundan sonra Mileyi vəzifəsindən uzaqlaşdırmaq üçün cinayət işi başlamağı planlaşdırdıqlarını bildiriblər. Onların vəkilləri prezidenti dələduzluqda ittiham edərək, məhkəməyə şikayət veriblər.