BAKI, 1 dekabr. TELEQRAF
Niger bəyan edib ki, əvvəllər Fransanın “Orano” şirkəti tərəfindən idarə olunan uran ehtiyatlarını beynəlxalq bazarda satışa çıxarır. Bu addım hərbi xuntanın Fransadan iqtisadi müstəqilliyə doğru yeni kursunu əks etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Nigerin dövlət televiziyası “Tele Sahel” məlumat yayıb.
Niger Hərbi Şura rəhbəri general Abdurrahman Çiyani bildirib ki, ölkəsinin öz təbii sərvətlərini idarə etmək və onları bazar qaydalarına uyğun olaraq və tam müstəqil şəkildə istədiyi tərəfə satmaq hüququ var.
Uran Nigerin ən mühüm təbii sərvətlərindən biridir, 2023-cü il çevrilişindən sonra hərbi xunta ilə Fransa arasında gərgin mübahisə mövzusu olub. Niger hökuməti Fransanın “Orano” şirkətininin 90 faizinə sahib olduğu və idarə etdiyi mədənlər üzərində tam nəzarəti bərpa etməyə çalışır.
2024-cü ildə Niger eskalasiya xarakterli addım ataraq “Somair”, “Cominak” və “Imouraren” də daxil olmaqla, ölkənin ən böyük uran mədənlərinin üçündə “Orano”nun fəaliyyət imtiyazlarını ləğv edib. Bu mədənlər strateji xammalın böyük ehtiyatlarını özündə cəmləşdirir.
Fransa isə beynəlxalq məhkəmə vasitəsilə mədənlər üzərində nəzarəti geri qaytarmağa çalışır. Bu proseslər xüsusi əhəmiyyət daşıyır, çünki Niger 2022-ci ildə Avropa İttifaqının təbii uran idxalının təxminən dörddə birini təmin edib.