BAKI, 19 noyabr. TELEQRAF
Dünya düzəninin transformasiyası şəraitində dövlətin xarici siyasətinin səmərəliliyi getdikcə daha çox onun ənənəvi geosiyasi məkanından kənarda uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq bacarığı ilə ölçülür. Azərbaycan–Vyetnam münasibətlərinin inkişaf dinamikasına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Bu dinamika Prezident İlham Əliyevin əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və Azərbaycanın Asiya-Sakit okean regionunda mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin göstəricisidir. Əsas məsələ tərəflərin siyasi səviyyədə formalaşmış münasibətləri dayanıqlı iqtisadi və infrastruktur əməkdaşlığına çevirə bilməsidir. Bunun üçün möhkəm tarixi zəmin mövcuddur: 1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfərləri, minlərlə vyetnamlı mütəxəssisin Azərbaycanın ali təhsil müəssisələrində hazırlanması ikitərəfli münasibətlərin əsasını təşkil edir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, hazırkı mərhələnin başlıca xüsusiyyəti isə tarixi dostluq ənənələrinin uzunmüddətli milli maraqlara əsaslanan praqmatik tərəfdaşlığa çevrilməsidir:
“Münasibətlərin keyfiyyətcə yeni mərhələsi 2025-ci ilin mayında To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi ilə başlayıb. Azərbaycanın Vyetnamın Qafqazda ilk strateji tərəfdaşı olması ölkəmizin Hanoyun xarici siyasət strategiyasında artan əhəmiyyətindən xəbər verir.
Vyetnam Asiyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. 2025-ci ilin yekunlarına görə, ölkədə ümumi daxili məhsulun artımı 8,02 faiz təşkil edib. Vyetnam qlobal istehsal zəncirlərinə inteqrasiya edir və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında (ASEAN) mövqelərini möhkəmləndirir. Hanoy “bambuk diplomatiyası” adlandırılan, formaca çevik, mahiyyət etibarilə ardıcıl və strateji qərarların qəbulunda müstəqilliyi qoruyan çoxvektorlu siyasət yürüdür. İxracyönümlü iqtisadiyyat üçün bazarların və nəqliyyat marşrutlarının şaxələndirilməsi dayanıqlı inkişafın mühüm şərtidir. Məhz bu məsələdə Bakı ilə Hanoyun maraqları üst-üstə düşür”.
Deputat bildirib ki, siyasi yaxınlaşma artıq konkret iqtisadi məzmun kəsb etməkdədir:
“2026-cı ilin doqquz ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 20,7 faiz artaraq 136,2 milyon dolları ötüb. Hanoyda birgə işgüzar şuranın ilk iclası və biznes forumu keçirilib. Bununla belə, Vyetnam iqtisadiyyatının miqyası nəzərə alındıqda, mövcud göstəricilər o qədər də yüksək deyil. Coğrafi məsafə, ticarətdə xammalın üstünlük təşkil etməsi, əmtəə çeşidinin məhdudluğu, eləcə də işgüzar dairələrin qarşılıqlı imkanlar barədə kifayət qədər məlumatlı olmaması bunun əsas səbəblərindəndir. Buna görə də qarşıda duran vəzifə yalnız ticarət dövriyyəsinin artırılmasından deyil, həm də onun strukturunun şaxələndirilməsindən ibarətdir.

Energetika isə əməkdaşlığın prioritet istiqaməti olaraq qalır. 2023-cü ildən etibarən Vyetnama 1,1 milyon tondan çox Azərbaycan nefti ixrac olunub. Lakin əməkdaşlıq gündəliyi xammal ticarəti ilə məhdudlaşmır. SOCAR və “PetroVietnam” arasında neft hasilatı, neft emalı və neft-kimya sahələrində əməkdaşlıq imkanları müzakirə olunur. Bu əməkdaşlığın reallaşması ayrı-ayrı müqavilələrdən birgə aktivlərin formalaşdırılmasına keçid demək olardı.
Vyetnam investorlarının Azərbaycanın qeyri-neft sektoruna marağı da artmaqdadır. 2026-cı ilin sentyabrında Energetika Nazirliyi ilə “ROX Group” şirkəti arasında Naxçıvanda 600 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasına dair memorandum imzalanıb. Elektrik mühərrikli nəqliyyat vasitələrinin yığılması imkanları da nəzərdən keçirilir. Bütün bunlar investisiya və sənaye tərəfdaşlığı istiqamətində mühüm addımdır. Bununla belə, memorandum tərəflərin niyyətini əks etdirən sənəddir və onun praktiki əhəmiyyəti konkret investisiya sazişlərinə nə qədər tez çevriləcəyindən asılı olacaq.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Vyetnam yüklərinin Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi 2025-ci ildə 200 faizdən çox, 2026-cı ilin doqquz ayı ərzində isə təxminən 600 faiz artıb. Bu göstəricilər Azərbaycanın nəqliyyat infrastrukturuna artan tələbatdan xəbər verir. Bununla belə, ilkin göstəricilər nəzərə alındıqda, sözügedən marşrutun Vyetnamın əsas ixrac istiqamətlərindən birinə çevrildiyini söyləmək hələ tezdir. Nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyini siyasi bəyanatlar deyil, tariflər, daşımaların sürəti və müntəzəmliyi, multimodal nəqliyyat xidmətlərinin keyfiyyəti müəyyən edəcək”.
Sevinc Fətəliyeva vurğulayıb ki, Vyetnam üçün Azərbaycan Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına çıxış imkanı, Bakı üçün isə Hanoy Cənub-Şərqi Asiya ilə iqtisadi inteqrasiyanın mühüm vasitəsidir:
“Azərbaycanın xarici siyasəti Şərqlə Qərb arasında seçim etmək deyil, öz strateji maraqları məkanını formalaşdırmaq üzərində qurulub. Vyetnamla münasibətlərin inkişafı da məhz bu siyasi kursun məntiqi davamıdır”.