BAKI, 13 avqust. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general İsmayıl Qəni Bağdada səfərini başa vurub və səfərin sonuna qədər İraq hökumətini Tehranın bu ölkədəki proksi qüvvələrinin tərksilah edilməsi planından daşınmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadas” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, Qəni İraq rəsmiləri ilə görüşlərində deyib: “İraqdakı qrupların hökumətə təhvil verdiyi silahlar İrana məxsusdur”.

İsmayıl Qəni bununla İranın İraqdakı qrupları silahlandırdığını etiraf edib.

SEPAH generalı həmçinin bildirib: “İraq hökuməti silahlı qruplarla istənilən qarşıdurmada uğur qazanmayacaq”.

Qəni silahlarını hökumətə təhvil verməyə razı olan qrupları da tənqid edib.

“Al-Hadas” əlavə edib ki, “Qüds” komandiri proksi qüvvələrin təsir imkanlarından istifadə edərək, İraqı ABŞ-yə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, İraq Baş naziri Əli əl-Zeydi sözügedən qruplara silahlarını dövlətə təhvil vermələri üçün sentyabrın 30-dək vaxt verib. Hökumət başçısı bu baş verməyəcəyi təqdirdə sərt hərbi addımlarla hədələyib.