BAKI, 5 avqust. TELEQRAF

ABŞ ilə İran arasında avqustun 7-dək razılaşmanın əldə olunması ehtimalı 50-nin 50-yədir. ABŞ Prezidenti Donald Tramp isə bundan əvvəl razılaşmanın yaxın vaxtlarda əldə olunacağını bildirmişdi.

Teleqraf xəbər verir ki, bu barədə CNN danışıqlardan məlumatlı olan körfəz ölkələrindən birinin yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranın danışıqlar heyətinə İslam İnqilabı Keşikçilərinin (SEPAH) nümayəndələri daxil olmasa da, istənilən razılaşma bu qurum tərəfindən təsdiq olunmalıdır.

Donald Tramp Tehranla çox yaxşı danışıqların getdiyini bildirib. Bununla yanaşı xəbərdarlıq edib ki, əgər İran yenidən razılaşmadan geri çəkilərsə, ABŞ ona qarşı çox sərt zərbə endirəcək.

İran hələ də ABŞ ilə birbaşa danışıqlar apardığını təkzib edərək bəyan edir ki, danışıqlar Oman vasitəsilə aparılır və ancaq Hörmüz boğazı məsələsinə aiddir.

Bəzi diplomatlar hesab edirlər ki, boğazın yenidən açılması Tehran və Vaşinqton arasında danışıqların bərpası üçün zəmin yarada bilər.