BAKI, 4 avqust. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə yük gəmilərinə qarşı hücumların dünyada ərzaq qıtlığı yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib.

Məlumata görə, avqustun 3-də axşam saatlarında Rusiyanın Novorossiysk limanından çıxan Türkiyəyə məxsus "Yaşar" və "Nadezhda" gəmiləri dron hücumuna məruz qalıb. Hadisə zamanı gəmi heyətinin bir neçə üzvü, o cümlədən Türkiyə vətəndaşları yaralanıb.

Rəsmi Ankara bildirib ki, mülki gəmilərin hədəf alınması ciddi narahatlıq doğurur. Vurğulanıb ki, əgər təcili addımlar atılmazsa, bu gərginlik ərzaq təhlükəsizliyinə böyük zərbə vura bilər.

Türkiyə XİN münaqişə tərəflərini gəmilərin təhlükəsizliyini təmin etmək üçün ləngimədən konkret tədbirlər görməyə çağırıb.