BAKI, 4 avqust. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) növbəti dəfə İrana məxsus bütün növ üzən vasitələrin, o cümlədən gəmilər və bərələrin bu ölkənin limanlarına girişini qadağan edib.

Teleqraf xəbər verir ki, BƏƏ şəhərlərinin limanlarına müvafiq göstəriş verilib.

Qadağa barədə göstəriş verildikdən sonra BƏƏ limanlarında olan İrana məxsus üzən vasitələrə də ölkəni tərk etmək tapşırılıb. Son belə vasitələr avqustun 3-də BƏƏ limanlarını tərk ediblər.

BƏƏ qərarın qəbul edilməsinin səbəbi və ya qadağanın nə vaxt ləğv edilə biləcəyi ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu, İsrail və ABŞ-nin İrana qarşı müharibəsinin başlanmasından sonra BƏƏ-nin İran gəmilərinin öz limanlarına girişini dayandırdığı ikinci haldır.

Yeni qadağa tətbiq edilməzdən əvvəl Hörmüz boğazında hərəkətə məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, İran gəmiləri BƏƏ limanlarından istifadə edə bilirdi.