BAKI, 23 iyul. TELEQRAF

ABŞ Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının hücumlarına görə İrana zərbələr endirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində yazıb.

"Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçün gəmilərə hücum etməsinə görə onlara çox güclü zərbələr endirdi. O vaxtdan bəri və İranla münaqişəmiz dövründə onlar kifayət qədər məsuliyyətli davranıblar. Təəssüf ki, ötən gecə iki Səudiyyə Ərəbistanı gəmisinə atəş açmaqla yenidən buna başlayıblar", - D.Tramp bildirib.

O vurğulayıb ki, oxşar hərəkətlər təkrarlanacağı təqdirdə Vaşinqton birbaşa Tehranı cavabdeh hesab edəcək:

"Husilər İranın dəstəklədiyi qüvvədir. Belə hal yenidən baş verərsə, İrana və əlbəttə ki, husilərin özlərinə qarşı ciddi hərbi cəza tədbirləri görüləcək. İndiyədək peşəkar və ağıllı davrandıqları halda yenidən bu yola qayıtmalarından məyusam".