BAKI, 3 iyul. TELEQRAF
“İranın mərhum ali rəhbəri Əli Xamenei və ailə üzvləri ilə vida günlərində ABŞ və İsrailin istənilən yanlış addımları əvvəlkindən daha qəti və sarsıdıcı cavabla qarşılanacaq”.
Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.
SEPAH bəyan edib ki, Silahlı Qüvvələr İranın Ali rəhbəri Müctəba Xameneinin komandanlığı altında tam döyüşə hazır vəziyyətdədir:
“Bu hazırlıq təkcə güc nümayişi deyil, komandanın rəhbərliyi altında və ilahi gücə arxalanaraq düşməni diz çökdürəcək, zülm və təcavüzə qarşı ayağa qalxmış, intiqam əzmində olan xalqın iradəsinin nümayişidir”.
Bəyanatda qeyd olunub ki, “Əli Xameneinin tökülən qanı İslam dünyasının mömin mücahidlərinin damarlarında qisas çağırışı ilə axır” və bu, ABŞ, İsrail, eləcə də onların regional və regiondankənar müttəfiqləri üçün “ümidsizlik və məyusluq” yaradacaq.
SEPAH həmçinin İrandakı rejim tərəfdarlarını Əli Xamenei ilə vida və dəfn mərasimlərində geniş iştirak etməyə çağırıb. Korpus bu iştirakı “Xameneinin qisasını almaq əzminin nümayişi” adlandırıb.
Xatırladaq ki, Əli Xamenei ilə vida mərasimi bu gün başlayıb, iyunun 9-da onun Məşhəd şəhərində dəfn olunmasınadək davam edəcək.