BAKI, 18 iyun. TELEQRAF

İsrail xarici işlər naziri Gidon Saar Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələri kəsdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, israilli nazir Aİ-nin baş diplomatını ədalətsizlikdə ittiham edib.

Saar Kallasın İsraili vaxtilə Cənubi Afrika Respublikasında (CAR) mövcud olmuş aparteid sistemi ilə müqayisə edən açıqlamasını tənqid edərək, bu cür iradların “böhtan” olduğunu deyib.

İsrailli nazir əlavə edib ki, Aİ rəsmisi bu barədə nə təkzib verdiyi, nə də aydınlaşdırdığı üçün onunla bütün əlaqələri kəsməkdən başqa seçim qalmayıb.

Xatırladaq ki, CAR-da aparteid kimi tanınan və ağdərililərlə qaradərililər arasında məcburi irqi ayrı-seçkilik siyasətinin tətbiq edildiyi dövr 1948-1990-cı illəri əhatə edib, Nelson Mandelanın hakimiyyətə gəlişi ilə bitib.