BAKI, 16 iyun. TELEQRAF

“Beynəlxalq ictimaiyyət İsrailin ABŞ-İran razılaşmasını pozmasının qarşısını almaq üçün birgə hərəkət etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə münaqişənin aradan qaldırılmasında son dərəcə vacib diplomatik mərhələ kimi görürük. Ümid edirik, texniki danışıqlar mümkün qədər tez, 60 gün ərzində fasiləsiz başa çatacaq və bölgəmizdə dinc atmosfer yaranacaq”, - o qeyd edib.

Hakan Fidanın sözlərinə görə, İsrail əldə edilən razılaşmaları sabotaj edə bilər: “Bu baxımdan, beynəlxalq ictimaiyyət İsrailə səhv hərəkət etdiyini çatdırmaq üçün diplomatik səylərlə birgə çalışmalıdır. Əgər bu, vahid cəbhə tərəfindən İsrailə çatdırılarsa, bunu başa düşəcək”.

Türkiyə xarici işlər naziri qeyd edib ki, İran ətrafındakı münaqişə regiondan kənara çıxıb və bütün dünyaya təsir edib:

“Bütün dünya şahidi oldu ki, bu münaqişə təkcə regional deyil, Amerika ilə İran və ya İranla İsrail arasında müharibə deyil, problem bütün dünyanı narahat edir. Böhran ərzaq və neft qiymətlərinə, eləcə də təchizat zəncirlərinə təsir göstərib. Bütün bunlar uzunmüddətli iqtisadi qeyri-sabitliyə səbəb olub”.

Hakan Fidan əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İsraili dinləməyərək, İranla razılaşma əldə etmək istəyini nümayiş etdirib:

“Cənab Tramp həqiqətən də hərəkətə keçməyə hazır olduğunu göstərdi. İsrailin bu məsələ ilə bağlı etirazları nəzərə alınmadı, Tehran da razılaşmaya gətirib çıxaran bu iradəyə müsbət cavab verdi”.