BAKI, 23 mart. TELEQRAF

Son iki gündə ABŞ və İran arasında qarşılıqı mesajlar Türkiyə, Pakistan və Misir tərəfindən çatdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, üç ölkənin xarici işlər nazirləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıblar.

Böyük Britaniya Baş naziri Kir Starmer də ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında səmərəli danışıqlara dair açıqlamasını alqışlayıb.

***

16:34

İsrail ABŞ Prezidenti Donald Trampın açıqlamasından sonra İranın enerji infrastrukturuna qarşı hücumları dayandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələri “Reuters”ə deyiblər.

Mənbələr agentliyə bildiriblər ki, Vaşinqton Tehranla danışıqlara dair İsraili məlumatlandırıb. ABŞ-nin mümkün addımlarına uyğun olaraq, İsrailin İranın elektrik stansiyaları və enerji infrastrukturuna hücumu dayandıracağı ehtimal olunur.

***

16:12

İran ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqların aparıldığına dair açıqlamasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamada qeyd edilib ki, İran müharibə məqsədlərinə çatmadan istənilən danışıqlara qarşı olmaqda davam edir.

İran Xarici İşlər Nazirliyinə görə, Donald Trampın ölkənin enerji infrastrukturuna zərbələrin təxirə salınması və iddia edilən danışıqlarla bağlı açıqlamaları sadəcə vaxt qazanmağa hesablanıb.

“Tasnim” xəbər agentliyi də diplomatik mənbələrə istinadla yazıb ki , İran ABŞ ilə münaqişəyə son qoymaq üçün danışıqlar aparmayıb və aparmır.

***

15:15

ABŞ İranın elektrik stansiyalarına hücumu dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Məmnuniyyətlə bəyan edirəm ki, Amerika Birləşmiş Ştatları və İran son iki gündə aramızdakı düşmənçiliyin tam həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıb. Həftə ərzində davam edəcək bu dərin, əhatəli və konstruktiv danışıqların xarakterinə və tonuna əsasən, Hərbi Nazirliyə İranın elektrik obyektlərinə hücumları təxirə salmağı tapşırdım”, - Amerika lideri bildirib.

O əlavə edib ki, hücumlar danışıqların gedişinə uyğun olaraq beş günə təxirə salınıb.

Donald Tramp bundan öncə bəyan etmişdi ki, Tehran Hörmüz boğazını açmasa, ABŞ Ordusu 48 saatdan sonra İranın elektrik stansiyalarına zərbə endirəcək.