BAKI, 20 mart. TELEQRAF
Küveytdə yerləşən "Mina əl-Əhmədi" neft emalı zavoduna dron hücumu nəticəsində müəssisənin bəzi hissələrinin fəaliyyəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.
Bildirilib ki, cümə günü səhər saatlarında həyata keçirilən dron hücumu nəticəsində "Mina Əl-Əhmədi" neft emalı zavodunun bir bölməsində yanğın baş verib. Hadisədən sonra təhlükəsizlik məqsədilə zavodun bəzi hissələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Şirkətin açıqlamasına görə, insident nəticəsində xəsarət alan olmayıb. Hazırda fövqəladə hallar xidmətləri yanğını nəzarətə almaq və vəziyyəti sabitləşdirmək üçün işlərini davam etdirir.
***
09:23
Küveyt Dövlət Neft Korporasiyasına (KPC) məxsus strateji əhəmiyyətli "Mina əl-Əhmədi" neft emalı zavodu bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Küveytin rəsmi xəbər agentliyi (KUNA) yayıb.
Məlumata görə, bir neçə dronun zavod ərazisinə endirdiyi zərbələr nəticəsində bəzi istehsalat bölmələrində yanğınlar başlayıb. Hadisə ilə əlaqədar zavodun bir neçə bölməsinin fəaliyyəti təhlükəsizlik məqsədilə dayandırılıb.
Küveyt rəsmiləri hadisə zamanı insan tələfatı və ya yaralanma hallarının qeydə alınmadığını bildiriblər. Dərhal hadisə yerinə yanğınsöndürmə və fövqəladə hallar briqadaları cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi və zavoda dəyən ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hücuma görə hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.